July 16, 2019
İyulun 16-da Mərkəzi Gömrük Hospitalında Azərbaycanla İtaliya arasında tibbin inkişafı və gələcək əməkdaşlığın qurulmasına dair növbəti görüş keçirilib.Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov qeyd edib ki, müxtəlif ölkələrlə yanaşı, İtaliya Respublikası ilə də tibb sahəsində əlaqələrin genişləndirilməsi Azərbaycan səhiyyəsi üçün olduqca əhəmiyyətlidir və hazırda bu istiqamətdə əməkdaşlıq uğurla inkişaf edir. Vurğulanıb ki, Mərkəzi Gömrük Hospitalı dünyada tibb sahəsində qazanılan nailiyyətlərin, beynəlxalq təcrübənin Azərbaycanda öyrənilməsi və tətbiqinə, tibbi personalın inkişafına, təkmilləşdirilməsinə xüsusi diqqət ayırır, onların müntəzəm olaraq xarici ölkələrdə keçirilən konfranslarda, konqreslərdə, təkmişlləşdirmə kurslarında iştirakını təmin edir.
İtaliyanın Azərbaycandakı səfirliyinin məsləhətçisi kimi fəaliyyət göstərən professor Franko Nakorella çıxışında Mərkəzi Gömrük Hospitalında təcrübəli mütəxəssislərin olduğunu sevindirici hal hesab edib. İtaliyalı professor bildirib ki, gələcəkdə tibbi personal və bu sahədə təhsil alan tələbələr ölkələrarası təcrübə mübadiləsində iştirak edəcək. Franko Nakorella vurğulayıb ki, sözügedən layihə çərçivəsində hazırlanmış Fəaliyyət planına Mərkəzi Gömrük Hospitalı ilə İtaliyanın tibb müəssisələri arasında Uşaq Kardiocərrahiyyəsi və Xəstəxana İdarəetməsi üzrə ikitərəfli əməkdaşlıq daxil edilib.
Görüşün sonunda tibbin inkişafına dair əməkdaşlıq müqaviləsinin imzalanması istiqamətində razılıq əldə olunub və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycanlaİtaliya arasında tibbin inkişafı ilə bağlı ilk görüş 2 ay əvvəl Mərkəzi Gömrük Hospitalında keçirilib.